“Azərsu” ASC Qazax şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması üzrə tikinti işlərinə start verir. Cəmiyyətin məlumatına görə, işlərin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.
Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək.
Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və 4,4 km kanalizasiya kollektoru tikiləcək.Ümumilikdə şəhərdə 5,87 min ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq.
“Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun 5 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq”, - deyə məlumatda qeyd olunur.
Sözügedən işlər İslam İnkişaf Bankının (İİB) Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtər rayonlarının su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsi çərçivəsində həyata keçirilir.
Bu məqsədlə İİB Azərbaycana $200,05 mln. məbləğində kredit ayırıb.*
B.Rüstəmbəyov