Azərbaycan 2018-ci ildə dünya bazarlarına 2 min 904,26 kq qızıl ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Ötən il ölkədən $118 mln. 39,42 min dəyərində 2 min 904,26 kq qızıl ixrac olunub. 2017-ci ildə $139 mln. 375,54 min dəyərində 3 min 360,59 kq qızıl ixrac olunub. Beləliklə, 2018-ci ildə ixracın həcmi miqdar ifadəsində 13,6%, dəyər ifadəsində 15,3% azalıb», - hökumətdən bildiriblər.
2018-ci ildə ixracın azalması ARDNF-nin «AzerGold» QSC-dən qızıl alışına başlaması ilə əlaqədardır.
Eyni zamanda, 2018-ci ilin IV rübündə Azərbaycan $25 mln. 56,66 min məbləğində 637,5 kq qızıl ixrac edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda 4 min 238,6 kq qızıl hasil olunub.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur. **
N.Abbasova