Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastovu qəbul edib.
“Görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Tərəflər iki ölkə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər.
“Görüşdə iki ölkənin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsinin aparılması, Rusiyanın hərbi məktəblərində azərbaycanlı kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib”, - deyə məlumatda qeyd olunur.
Z.Həsənov və İ.Lobastov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyini qeyd ediblər.*
F.İsazadə