Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının zirvə toplantısında Malayziyanın baş naziri Mahathir Məhəmmədin iştirak edəcəyinə ümidvardır. Bunu Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev deyib.
“Malayziya parlamentinin Nümayəndələr Palatasının spikeri Dato Mohamad Ariff bin Md Yusofla görüşdə Q.Allahverdiyev oktyabrda Qoşulmama Hərəkatının zirvə görüşündə Malayziyanın baş nazirinin də iştirak edəcəyinə ümidvar olduğunu deyib”, - deyə Azərbaycanın Malayziyadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.
Səfir qeyd edib ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.
Azərbaycanda xarici investorlar üçün münbit şəraitin yaradıldığını qeyd edən Q.Allahverdiyev, ötən beş il ərzində Malayziyanın milli neft şirkəti “Petronas”ın Azərbaycandakı uğurlu fəaliyyətini yüksək qiymətləndirib, bu şirkət tərəfindən indiyədək ölkəmizin enerji sektoruna $4 mlrd.-dan çox sərmayə qoyulduğunu vurğulayıb.
Diplomat Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləyən mövqeyinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Öz növbəsində, spiker, Azərbaycanın Malayziya üçün vacib tərəfdaş olduğunu deyib, ikitərəfli əlaqələrin gündən-günə genişləndiyini vurğulayıb. O, Malayziya tərəfindən Azərbaycanla dostluq qrupunun yaradılması məsələsinə qısa müddətdə baxılacağını diqqətə çatdırıb.*
R.Babayev