Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün inventarlaşdırma komissiyasının yaradılması barədə məlumat yayıb.
“Komissiya Qida Təhlükəsizliyi Agentliyi yanında Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yaradılıb”, – deyə məlumatda bildirilir.
Bununla əlaqədar AQTA sahibkarlara müraciət edərək Azərbaycanda istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunan pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqinə yol verməməyə çağırıb.
"Əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə Agentliyə məlumat versinlər. Əks halda, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək", - deyə agentlikdən qeyd ediblər.*
R.Babayev