Bu gün Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə Tovuz və ətraf rayonlardan olan 21 sahibkara 821 min manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Kreditlər logistik mərkəzin yaradılması, heyvandarlıq, üzümçülük, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 40-dan çox iş yerinin açılması mümkün olacaq.
Bu ilin əvvəlindən Azərbaycanda sahibkarlara 4,6 mln. manat güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov