2018-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 2,5 min tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ildə müsadirə edilmiş 2,526 ton bitki mənşəli narkotik maddələrin 1,195 tonu heroin, 755,6 kiloqramını marixuana, 362,5 kiloqramını tiryək, 89,2 kiloqramını həşiş, 124,4 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib”, - DSK-dan bildiriblər.
Ötən il Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3,239 min cinayət qeydə alınıb, bu da ölkədə törədilən cinayətlərin 12,3%-ni təşkil edib. Ümumilikdə, 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən 26,381 cinayət hadisəsi qeydə alınıb.
Cinayət törətmiş şəxslərin 86,2%-ni heç yerdə işləməyən və oxumayanlar, 37,2%-ni əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edir.
Cinayət törədənlərin 79,9%-i 30 və yuxarı yaşlı şəxslər, 13%-i 25-29 yaşlı gənclər, 6,9%-i 18-24 yaşlı vətəndaşlar, 0,2%-i yetkinlik yaşına çatmayanlar olub.**
R.Babayev