Nazirlər Kabineti Azərbaycan Respublikası Vergi Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ni təsdiq edib.
Qrafikə əsasın, ilk mərhələdə nəzarət-kassa aparatlarının quraşdırılması iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələrini əhatə edir. Bakıda fəaliyyət göstərən bu cür obyektlərdə nəzarət-kassa aparatlarının quraşdırılması 1 iyul 2019-cu ilədək, bütövlükdə ölkə ərazisində - 1 oktyabr 2019-cu ilə qədər başa çatmalıdır.
İkinci mərhələdə bu cür nəzarət-kassa aparatları avtomobil satışı ilə məşğul olan obyektlərdə, şadlıq evlərində, mebel ticarəti ilə məşğul olan obyeklərtdə quraşdırılmalıdır. Bakıda fəaliyyət göstərən avtomobil satışı ilə məşğul olan obyektlərdə, şadlıq evlərində bu proses iyulun 1-dək, mebel ticarəti ilə məşğul olan obyeklərtdə - oktyabrın 1-dək başa çatmalıdır. Ölkənin qalan ərazisində analoji obyektlərdə nəzarət-kassa aparatlarının quraşdırılması 1 oktyabr tarixinədək başa çatmalıdır.
Üçüncü mərhələdə nəzarət-kassa aparatları pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyiciləri olan bütün obyektlərdə quraşdırılmalıdır. Bu proses 1 yanvar 2020-ci ildək başa çatmalıdır.
Nəzarət-kassa aparatlarının quraşdırılması üzrə dördüncü mərhələ pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən qalan obyektlərə şamil edilir. Eyni zamanda, Bakıda bu cür obyektlərdə nəzarət-kassa aparatlarının quraşdırılması prosesi 2021-ci il 1 aprel tarixinədək, ölkənin iri şəhərlərində (Gəncə, Sumqayıt) – 2021-ci il aprelin 1-dək, digər şəhər və rayonlarda – 2021-ci il dekabrın 31-dək, kəndlərdə - 2022-ci il dekabrın 31-dək başa çatmalıdır (tam qarafik ilə https://cabmin.gov.az/az/document/3441/ saytında tanış olmaq mümkündür). **
A.Əzizov