Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan və Azərbaycan XİN başçıları Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarovun ayrıca görüşü planlaşdırılmayıb.
“Biz ayrıca görüş keçirməyi planlaşdırmamışıq. Hələlik səbəb olmasa belə, görüşə bilərik. Kuluarda görüşsək əgər, çox sakit “ayaqüstü” görüşə, salamlaşa bilərik, heç bir problem yoxdur. Lakin ayrıca görüş planlaşdırılmayıb”, - Z.Mnatsakanyan Münhendə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, görüşün baş tutmaması nazirlərin söhbət üçün mövzunun olmaması anlamına gəlmir. “İş davam edir. ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın zamanda regiona səfər edəcəklər. Görüşümüzün məqsədi (Ermənistan və Azərbaycan XİN başçılarının - İF) - liderlərimizin görüşü üçün müvafiq meydançanın hazırlanması istiqamətində fəaliyətdir. İşi davam etdirəcəyik”, - Z.Mnatsakanyan bəyan edib. **