Azərbaycan mayın 20-25-də Cənubi Koreyaya ixrac missiyası təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilir.
“Mayın 20-dən 25-dək Cənubi Koreyaya ixrac missiyası təşkil olunacaq. Missiyaya qida məhsulları, şərab və spirtli içkilərin istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri daxil olacaq”, - Fonddan qeyd ediblər.
İxrac missiyasında iştirakda maraqlı olan şirkətlərdən təkliflərin qəbulu martın 12-dək həyata keçiriləcək.
Bundan əlavə, Azərbaycan şirkətləri "Seoul Food 2019" ərzaq sərgisində təmsil olunacaq. “25 Azərbaycan şirkəti Seul şəhərində keçiriləcək "Seoul Food 2019" sərgisində «Made in Azerbaijan» vahid ölkə stendi ilə təmsil olunacaq. Onların arasında qida sənayesi, spirtli içkilərin istehsalçıları olan şirkətlər yer alır”, - İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Sərgi 21-24 may tarixlərində keçiriləcək.
Nazirlikdən həmçinin bildirlib ki, iştirakçılar müvafiq müsabiqə əsasında seçiləcək. Müsabiqədə iştirak üçün sənədlər 29 mart tarixindən gec olmayaraq təqdim olunmalıdr.
Seçim aşağıdakı meyarlar əsasında baş tutacaq: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, həmin məhsulların hədəf ölkəyə ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması. **
B.Rüstəmbəyov