Fevralın 20-də Dohada Azərbaycan hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 2-ci iclası keçiriləcək. Bu barədə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov məlumat verib.
"Mövcud ikitərəfli ticarət-iqtisadi əlaqələrin aktivləşdirilməsi məqsədi ilə Azərbaycan şirkətlərinin nümayəndələri yaxın vaxtlarda Qətərə səfər edəcəklər. Bundan başqa, fevralın 20-də Qətərdə hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi planlaşdırılır", - deyə R.İsmayılov Qətərin “The Peninsula” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, iclasda bir sıra mühüm sazişlərin imzalanması planlaşdırılır. Bu sənədlər mövcud ikitərəfli iqtisadi, strateji və siyasi münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.
Səfir vurğulayıb ki, 2019-cu ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. "Bu müddət ərzində ölkələrimiz bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün mühüm addımlar atıb. Dövlət başçıları dəfələrlə qarşılıqlı rəsmi səfərlər həyata keçiriblər. Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı Qətərin mövqeyini yüksək qiymətləndiririk. Qətər Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən qətnamələr qəbul etmiş beynəlxalq təşkilatlar, xüsusilə BMT və İKT çərçivəsində Azərbaycanı dəstəkləyir ", - deyə qeyd edib.
İkitərəfli ticarət münasibətlərinə toxunan R.İsmayılov əmtəə dövriyyəsinin həcminin cüzi olduğunu vurğulayıb. "Son 2 il ərzində Azərbaycan və Qətər arasında əmtəə dövriyyəsi $8 mln. təşkil edib. Halbuki ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar var. Hazırda Azərbaycan Qətərə əsasən ərzaq və kənd təsərrüfatı məhsulları ixrac edir. Ümid edirik ki, iqtisadi əməkdaşlıq səviyyəsini siyasi münasibətlər səviyyəsinə qədər yüksəldə biləcəyik. Biz bunun üçün daha çox imkanlara malikik və indi diqqəti bu potensialdan istifadəyə yönəldirik", - deyə diplomat əlavə edib.
O hesab edir ki, Azərbaycan və Qətər energetika, kənd təsərrüfatı, turizm kimi sahələrdə əməkdaşlığı genişləndirə bilər. "Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən biridir. Ölkəmizdə investorlar üçün hüquqi baza və bütün digər zəruri imkanlar mövcuddur 2004-cü ildə Azərbaycan və Qətər arasında turizm sahəsində Anlaşma Memorandumu imzalanıb.
Hər iki ölkə qarşılıqlı şəkildə viza prosedurlarını sadələşdirib. Doha və Bakı arasında “Qatar Airways” tərəfindən həyata keçirilən 14 birbaşa reys mövcuddur", - deyə R.İsmayılov əlavə edib.
Azərbaycan hökuməti ilə Qətər Dövləti hökuməti arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 1-ci iclası 2017-ci ilin yanvar ayında Bakıda keçirilib. Azərbaycan tərəfdən komissiyanın həmsədri fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.*
A.Əzizov