Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Zavodun yüksək sıxlıqlı polietilen istehsalı üzrə layihə gücü ildə 120 min tondur.
2018-ci il iyulun 18-də “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir.
Zavodların tikintisi layihələrinə ümumi investisiya qoyuluşları $816 mln. təşkil edəcək. İnvestisiyaların 60%-i Rusiyanın “Gazprombank”, qalan hissəsi – 40%-i isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “PAŞA Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin ediləcək.
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “SOCAR-Polymer” MMC-nin zavodarının tikintisinin maliyyələşdirilməsi üçün Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə $489 mln. manat məbləğində kredit cəlb edib. SOCAR və “Qazprombank” arasında zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş 2015-ci il iyunun 19-da imzalanıb.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Hazırda şirkətin kapitaında SOCAR-ın payı 57% təşkil edir. "Vitol Black Sea V.L.L" MMC, "Ecoland" MMC və s. şirkətlər də səhmdarlar sırasındadır. “SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.*
N.Abbasova