Azərbaycanda 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklərə uyğunlaşmaq üçün sahibkarlara daha çox vaxt lazımdır. Bunu Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimov deyib.
"Sonuncu dəyişikliklər çox tez edilib. Parlament 2018-ci il noyabrın 30-da dəyişiklikləri qəbul edib, 2018-ci il dekabrın 20-də bu dəyişikliklər təsdiq edilib, 2019-cu il yanvarın 1-dən isə qüvvəyə minib. Bu, çox qısa müddətdir və biznes dəyişikliklərə uyğunlaşmağa macal tapmır", - deyə o, bu gün Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forumda bildirib.
N.Kərimov, həmçinin uçot siyasətinə tələblərə yenidən baxılmasının zəruriliyinə toxunub. "Bu proseduru (uçota alınma – İF) asanlaşdırmaq, kağız forma və daşıyıcıları elektron analoqlarla əvəzləmək lazımdır", - deyə o vurğulayıb.
Qeyd edək ki, 1 yanvar 2019-cu il tarixindən Vergi Məcəlləsinə 240 dəyişiklik qüvvəyə minib.*
Ə.Məmmədov