İqtisadiyyat Nazirliyi əsas ərzaq mallarının qiymətinin gündəlik monitorinqini aparır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
"İqtisadiyyat Nazirliyi zəruri ərzaq mallarının qiymətinin gündəlik monitorinqini aparır. Bu günə heç bir süni qiymət artımı qeydə alınmayıb. Əgər belə bir hal baş verərsə, bu faktların qarşısının alınması üçün lazımi tədbirlər görüləcək», - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, bazarda payı35% təşkil edən idxalçı və istehsalçılar hökumətin nəzarətindədir və onlar qiymətləri dövlətin razılığı olmadan dəyişə bilməz.
Çörəyin qiymətində mümkün bahalaşma ilə bağlı məsələni şərh edən Ş.Mustafayev qeyd edib ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir. “Son zamanlar idxal etdiyimiz ölkələrdə buğda bahalaşır. Hökumət həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlarla görüşlər keçirir, müvafiq hesablamalar aparır. Qiymətləndirmələrimizə görə, çörəyin qiymətinin bahalaşması gözlənilmir”, - deyə o bildirib.
Nazir deyib ki, çörəyin qiymətinin bahalaşmasına yol verilməməsi üçün hökumət tərəfindən zəruri tədbirlər görüləcək.*
B.Rüstəmbəyov