Sumqayıt şəhər İcra Hakimiyyəti 29 çoxmənzilli yaşayış binasında 74 ədəd istismara yararsız liftin təmiri üçün podratçı seçir. Bu barədə İH-nin elanında qeyd olunur.
Seçim açıq tender üsulu ilə keçirilir. İştirak haqqı – 240 manatdır.
Seçim zamanı əsas meyarlar aşağıdakılardır: aşağı qiymət, yüksək keyfiyyət, analoji işlərin icrasında təcrübə, müqavilənin vaxtında icrası və iddiaçıların maliyyə vəziyyəti.
Şirkətlərdən tender təklifləri aprelin 5-dək saat 17:00-dək qəbul olunur. Tender proseduru aprelin 8-də baş tutacaq.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev fevralın 5-də respublikanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nə 40 mln. manat ayırmağı tapşırıb.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən şəhər və rayonların İcra Hakimiyyətlərinə ayrılacaq. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyətinə bu məqsədlər üçün 800 min manat ayrılacaq. **
N.Abbasova