Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının reallaşdırılması üzrə xüsusi İşçi Qrupun növbəti iclası yaxın aylar ərzində keçiriləcək. İclasın tarixi və yeri daha sonra müəyyən ediləcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.
“Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti görüşü yaxın aylarda baş tutacaq. Biz, ilk növbədə, V Xəzər Sammitinin qərarlarının reallaşdırılmasının gedişini müzakirə etməli və Xəzər dənizində ərazi sularının və balıqçılıq zonalarının müəyyənləşdirilməsi üçün birbaşa çıxış xətlərinin təyin edilməsinə dair sazişə hələlik ümumi mənada yanaşma ilə bağlı fikir mübadiləsi aparmalıyıq. Burada (Bakıda - İF) tərəflər öz fikirlərini təqdim edəcəklər”, - diplomat qeyd edib.
Onun sözlərinə görə, həmçinin tərəflər İşçi Qrupunun fəaliyyəti üçün prosedur qaydalarını razılaşdırmalıdır.
“İşçi Qrupu bir illik deyil, Konvensiyanın qüvvədə olacağı müddətə yaradılır. Bu səbəbdən, Qrupun onilliklər və daha artıq dövr üçün fəaliyyətinin dinamikası həmin qaydaları necə hazırlayacağımızdan asılıdır”, - M.Bratçikov vurğulayıb.
Xəbər verildiyi kimi, bu gün Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarının reallaşdırılması üzrə xüsusi İşçi Qrupun ilk iclası başlayıb. İclasda 12 avqust 2018-ci ildə Aktauda imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın reallaşdırılması ilə əlaqədar bir sıra məsələlərin müzakirəsi planlaşdırılır. **
F.İsazadə