Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər qəbul edilib. Dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manatadək artırılır.
“Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını əhatə edəcək. Bu addım xüsusilə əhalinin aztəminatlı təbəqələrinə müsbət təsir göstərəcək”, – deyə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iclasda bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin məlumatına görə, H.Rəcəbli qeyd edib ki, 9 min nəfərin pensiyasında demək olar ki, 2 dəfə, 26 min nəfərin pensiyasında isə 30% artım olacaq.
“Əmək pensiyasının minimum məbləği 38% artırılır. Bu məqsədlə bu ilin sonunadək ayda 41 mln. manat, gələn il 49 mln. manat ayrılacaq”, - deyə sədr vurğulayıb.
Xəbər verildiyi kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, 9 min nəfərin pensiyasında 93% (75 manat), 26 min nəfərin pensiyasında 30% (37 manat), 74 min nəfərin pensiyasında 16% (27 manat) artım olacaq. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək.
Dəyişikliklərə əsasən martın 1-dən Azərbaycanda əmək pensiyalarının minimum məbləği 160 manat təşkil edəcək.*
R.Babayev