Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi arasında birgə bəyanat imzalanıb. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilir.
Bəyanatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson imzalayıblar.
Sənədə əsasən, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, risklərin idarə olunması sahəsində qabaqcıl təcrübənin bölüşdürülməsi, dövlət sərhədindən keçirilən mallar, səyahətçilər və nəqliyyat vasitələri üzrə sərhəd təhlükəsizliyinin təmin olunmasına dair fikir mübadiləsi aparılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.
Birgə bəyanat Böyük Britaniyanın sərhəd xidməti tərəfindən maliyyələşdirilən "Hunter" layihəsi çərçivəsində imzalanıb. Layihə beynəlxalq daşımalar zamanı gömrük-sərhəd keçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılmasını nəzərdə tutur. **
Ə.Məmmədov