Avropa İttifaqı Azərbaycanın iştirakı ilə beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması layihələrini maliyyələşdirməyə hazırdır. Bunu Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey çərşənbə axşamı Bakıda mətbuat konfransında deyib.
“Biz mövcud imkalardan istifadə etməklə nəqliyyat dəhlizlərinin yaradılması məqsədilə Azərbaycan tərəfi ilə işləyirik”, - H.Hololey bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti bu cür dəhlizlərin yaradılması üçün maliyyə mənbələri seçə bilər. “Bu beynəlxalq maliyyə instiutlarının vəsaiti və ya Avropa Qonşuluq Siyasəti çərçivəsində, yəni Şərq Tərəfdaşlığı proqramı üzrə maliyyələşdirmə mexanizmi ola bilər. Hansi nəqliyyat dəhlizinin prioritet olduğunu müəyyən etmək və həmin saziş əsasında təşəbbüsü reallaşdırmaq vacibdir”, - H.Hololey qeyd edib.
O əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunu regionu Aİ ilə birləşdirən layihə hesab edir. “BTC-nin reallaşdırlması Ələtdə limanın tam gücü ilə fəaliyyətindən birbaşa asılıdır. Limana gəlincə isə, bu Azərbaycanla Aİ arasında danışıqlar mövzusudur. Biz həmin limanı regionun ən müasir və ekoloji təmiz limanına çevirməyə çalışacağır”, - baş direktor vurğulayıb. **
F.İsazadə