Prezident İlham Əliyev bu gün ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə bərpaolunan və alternativ enerji sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Görüşdə bərpaolunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
İ.Əliyev ABŞ prezidenti Donald Trampın Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
N.Abbasova