Avropa İttifaqı Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə Avropaya nəqlinə dair təkliflərini Aşqabada təqdim edib. Bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger bəyan edib.
“Azərbaycan Türkmənistan qazının Avropaya tranziti üçün zəruri infrastruktura malikdir və öz təkliflərini Türkmənistana təqdim edib. Həmçinin Aİ Türkmənistan qazının Avropaya nəqlinə dair təkliflərini Aşqabada təqdim edib. Lakin bu məsələ ilə bağlı son qərar Türkmənistandan asılıdır”, - G.Ottinger bu gün Bakıda mətbuat konfransında bildirib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz növbəsində bəyan edib ki, Türkmənistanın nümayəndə heyəti çərşənbə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında təmsil olunur.
“Türkmənistan CQD layihəsi ilə maraqlanır. Lakin, ilk öncə tədarükçü ölkə və istehlakçı ölkə arasında qaz nəqlinə dair razılıq əldə olunmalıdır. Əgər bu cür razılıq əldə olunarsa (Ai ilə Türkmənistan arasında - İF), CQD iştirakçıları bu cür imkanı nəzərdən keçirməyə hazırıdır”, - nazir vurğulayıb. **
N.Abbasova