Cənub Qaz Dəhlizi (CQD) layihəsi çərçivəsində Azərbaycan qazının alıcıları olan ölkələrin coğrafiyası genişlənəcək. Bunu bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı çərçivəsində keçirilən mətbuat konfransında Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib.
“Azərbaycan və SOCAR Aİ-nin strateji tərəfdaşlarıdır. Əməkdaşlığımız CQD-nin tam şəkildə istifadəyə verilməsindən sonra da davam edəcək”, - deyə o bildirib.
G.Ottinger deyib ki, Aİ nəqliyyat, bərpa olunan enerji mənbələri və digər sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
N.Abbasova