Cənub Qaz Dəhlizi (CQD) layihəsinin reallaşdırılması Azərbaycan və tərəfdaş ölkələrin iqtisadiyyatının şaxələndirilməsi və inkişafında mühüm rol oynayacaq. Bunu prezident İlham Əliyev deyib.
«CQD layihəsi Avropanın enerji xəritəsini dəyişdirərək Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında müstəsna əhəmiyyət kəsb edir», - deyə o, bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib.
Dövlət başçısı CQD-nin reallaşdırılmasında Avropa Komissiyasının fəal rol oynadığını və birgə əməkdaşlığın nəticələrini diqqətə çatdırıb.
Böyük Britaniya və ABŞ-ın da bu prosesdə iştirak etdiyini vurğulayan İ.Əliyev Bakının enerji təşəbbüslərinin London və Vaşinqton tərəfindən hər zaman dəstəkləndiyini bildirib.
Prezidentin sözlərinə görə, CQD-nin dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var.
«Tədarük mənbələrinin və marşrutların şaxələndirilməsi Avropanın enerji xəritəsinin dəyişdirilməsi deməkdir», - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, CQD çərçivəsində geniş beynəlxalq əməkdaşlıq formatı yaradılıb.*
R.Babayev