Avropa İttifaqı (Aİ) 2020-ci ildə Azərbaycan qazının Avropaya nəqlinə başlanılmasını səbirsizliklə gözləyir. Bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger deyib.
"Biz 2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya tədarükünə başlanılmasını səbirsizliklə gözləyirik", - deyə o, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib.
G.Ottingerin sözlərinə görə, Aİ belə tədarüklərin başlaması üçün əlindən gələni edəcək.
Komissar CQD-ni Aİ üçün strateji layihə adlandırıb. Çünki o, Avropaya qaz tədarükü üzrə yeni mənbə və marşrutu təmin edir.
O əlavə edib ki, CQD layihəsi vaxtında həyata keçiriləcək və nəzərdə tutulduğundan daha ucuz başa gələcək.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri $40 mlrd.-dır.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.*
A.Əzizov