Fevralın 20-də Dohada Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib.
İclas Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilib. Bu barədə cümə axşamı gulf-times nəşri məlumat verir.
M.Al Tani ikitərəfli əlaqələrin möhkəmənməsi nöqteyi-nəzərindən Komissiyanın ilk iclasının müsbət yekunlarını vurğulayaraq qeyd edib ki, 2019-cu ildə Qətər və Azərbaycan diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edir.
Öz növbəsində, K.Heydərov Bakı və Doha arasında ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirib. Onun sözlərinə görə, yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin möhkəmlənməsində müstəsna rol oynayır. Həmçinin, nazir əlavə edib ki, hər iki ölkənin şirkətləri ticarətin genişlənməsi və əməkdaşlıq məqsədilə yeni imkanların açılması üçün şərait yaradıblar.
“Həmsöhbətlər ticarət həcminin artımı, ticarət palataları, iş adamları və özəl sektorun nümayəndələrinin görüşərinin, həmçinin kiçik və orta müəssisələr üçün birgə ticarət tərdbirlərinin təşkili məsələlərini müzakirə ediblər”, - nəşr vurğulayır.
Məlumata əsasən, tərəflər Azərbaycan və Qətərin ikitərəfli münasibətlərin gələcəkdə inkişafına tərəfdar olduqlarını ifadə ediblər.
Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ilk iclası 31 yanvar 2017-ci il Bakıda keçirilib. **
F.İsazadə