Cümə axşamı Bakı Gəmiqayırma Zavodunda yeni “Laçın” tankeri suya salınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Mərasimdə qeyd olunduğu kimi, hazırda tankerin gövdə hissəsinin tikintisi tamamlanıb. Qalan tikinti işləri yanalma körpüsündə davam etdiriləcək.
Tanker 2019-cu ilin iyun ayında istifadəyə veriləcək.
Tankerin tikintisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə həyata keçirilir. Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, tonnajı 7,884 min tondur. Bu tankerin unikallığı ondan ibarətdir ki, eyni zamanda neft və neft məhsulları daşıya bilir.
Tankerin layihəsi Odessa Dəniz Mühəndisliyi Bürosu tərəfindən hazırlanıb.
Həmçinin Bakı Gəmiqayırma Zavodunda ASCO üçün ikinci analoji tankerin tikintisi aparılır. Onun 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır. **
B.Rüstəmbəyov