Azərbaycanın gömrük orqanları İrandan Ukraynaya 28,4 kq heroinin qanunsuz aparılması cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
“Ukrayna Respublikası vətəndaşı İvonyak Volodimir Vasilieviç idarə etdiyi "Renault" markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Malayer şəhərindən Ukrayna Respublikası Odessa şəhərinə "kişmiş" yükü apararkən Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılıb və nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Nəticədə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 54 ədəd yastı dördkünc formalı bağlama aşkar edilib. Gömrük yoxlaması tam başa çatdıqdan sonra 54 ədəd bağlamanın qablaşdırılması ilə birlikdə çəkisi 28,4 kq olan narkotik vasitə - heroin olduğu müəyyənləşib”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
R.Babayev