Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni sazişin imzalanması planlaşdırılır. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
İqtisadiyyat naziri Şahin Mustafayev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb.
“Hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni saziş layihəsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır”, - Ş.Mustafayev bildirib.
Nazir Azərbaycanın qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, energetika, infrastruktur, nəqliyyat, İKT, turizm, kənd təsərrüfatı, şərabçılıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb.
Ş.Mustafayev italiya şirkətlərini maşınqayırma, məişət texnikası, yüngül sənaye, əczaçılıq sahələrində birgə müəssisələrin təşkilinə dəvət edib.
Qeyd edilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 10% artaraq 6,2 mlrd. dollar təşkil edib. **
B.Rüstəmbəyov