2018-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri 2017-ci illə müqayisədə 2,8% - 633 mln. 608,4 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 179 mln. 353,4 min manat (azalma 12,2%) gəlir əldə edib.
2018-ci ildə Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 153 mln. 225,4 min manat (artım 6,9%) məbləğində olub.
Xəbər verildiyi kimi, ötən il TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 mln. 673,9 min ton yük, o cümlədən 9 mln. 344,8 min ton və ya 17,7% tranzit yük daşınıb.
Bu dövrdə TRACECA ilə 350 mln. 639,6 min nəfər sərnişin daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova