“SOCAR Polymer” şirkəti 2019-cu ildə 80-100 min ton yüksək sıxlıqlı polietilen istehsal etməyi planlaşdırır. Bu barədə şirkətin baş direktoru Fərid Cəfərov məlumat verib.
"Bu il 80-100 min ton yüksək sıxlıqlı polietilen istehsalı planlaşdırılır. Onun 70%-i ixraca yönəldiləcək. İxraca cari ilin mart ayından start veriləcək", - deyə o bildirib.
F.Cəfərovun sözlərinə görə, 2019-cu ildə şirkət 140-150 min ton polipropilen istehsal etməyi də nəzərdə tutur. "Polipropilen zavodunun işə salınmasından bu günədək 25 min tona yaxın hazır məhsul ixrac edilib. Bizim istehsal etdiyimiz polipropilen Rusiya, Ukrayna, Belarus və Türkiyəyə ixrac edilir. Yaxın vaxtlarda Çin, Avropa və Hindistana ixracın həyata keçirilməsi nəzərdə tutulur", - deyə baş direktor qeyd edib.
O əlavə edib ki, “SOCAR Polymer” daxili bazarda 20-30 min ton yüksək sıxlıqlı polietilen və polipropilenin satışını planlaşdırır. Yaxın 1-2 ay ərzində isə hər iki zavod tam gücü ilə işə başlayacaq.
F.Cəfərov əlavə edib ki, 2018-ci ilin dekabr ayında “SOCAR Polymer” bu layihənin həyata keçirilməsi üçün cəlb edilmiş kredit üzrə ilk ödənişi həyata keçirib. "Tranşın məbləğini açıqlamayacağıq. Ödənişlər hər 6 aydan bir həyata keçiriləcək. Bütövlükdə, qrafik üzrə kredit vəsaitləri 6 il ərzində ödənilməlidir", - deyə o söyləyib.
“SOCAR Polymer”in yeni layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçirdiyini deyən F.Cəfərov detalları açıqlamayıb.
Onun sözlərinə görə, Azərbaycanda orta sıxlıqlı polietilen istehsalı müəssisəsinin yaradılması planlaşdırılır. "Müvafiq investisiya qərarı qəbul olunduğu halda layihə həyata keçiriləcək. Orta sıxlıqlı polietilen istehsalını Bakının Qaradağ rayonundakı SOCAR GPS qaz emalı və polimer kompleksində təşkil etmək olar. Lakin layihənin detalları yalnız müvafiq qərar qəbul olunduqdan sonra açıqlanacaq", - deyə baş direktor vurğulayıb.
2018-ci il iyulun 18-də “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Zavodun layihə gücü ildə 184 min ton polipropilen təşkil edir. Bu ilin fevral ayında layihə gücü ildə 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsalı zavodu işə salınıb. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə polipropilen və 4 çeşiddə yüksək sıxlıqlı polietilen istehsal edəcək.
Zavodların tikintisi layihələrinə ümumi investisiya qoyuluşları $816 mln. təşkil edəcək. İnvestisiyaların 60%-i Rusiyanın “Qazprombank”, qalan hissəsi – 40%-i isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “PAŞA Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin ediləcək.
“SOCAR Polymer” şirkətinin Sumqayıtda yüksək sıxlıqlı polietilen və polipropilen zavodlarının fəaliyyətindən $6,6 mlrd. məbləğində gəlir əldə edəcəyi gözlənilir. Xalis mənfəət $1,98 mlrd. təşkil edəcək.
SOCAR “SOCAR-Polymer” MMC-nin zavodarının tikintisinin maliyyələşdirilməsi üçün Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə $489 mln. manat məbləğində kredit cəlb edib. SOCAR və “Qazprombank” arasında zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş 2015-ci il iyunun 19-da imzalanıb.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Hazırda şirkətin kapitaında SOCAR-ın payı 52,2% təşkil edir. "Vitol Black Sea V.L.L” (19%), “PASHA Holding” (9,9%), “Ecoland” (9,8%), “Polimer Investment” (5%) və AKKIK (4,1%) də səhmdarlar sırasındadır.
“SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.*
N.Abbasova