Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkiyə tərəfindən isə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik ediblər.
“Görüşdə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, müxtəlif səviyyələrdə keçirilən üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyətinə dair ətraflı məlumat verib, Türkiyənin münaqişənin ədalətli həlli istiqamətindəki mövqeyinə görə minnətdarlıq ifadə edib.
“Görüşdə ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov