“Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi” QSC (ASCO) əsaslı təmirdən sonra “Şah İsmayıl Xətai” tankerini istismara qəbul edib. Bu barədə cəmiyyətdən məlumat verilib.
“Təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Gəminin boru sistemlərində təmir işləri aparılıb və yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərrikin, nasosların və separatorların təmir işləri görülüb”, - məlumatda deyilir.
Bundan əlavə, təmir zamanı gəmidə elektrik-quraşdırma işləri yetirilib, gəminin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
“Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən neft və neft məhsullarının daşınmasına cəlb olunub”, - məlumatda vurğulanır.
“Şah İsmayıl Xətai” tankeri 2005-ci ildə inşa olunub. Uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.
Hazırda ASCO-nun tanker donanması 23 gəmidən ibarətdir. **
N.Abbasova