Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mitinq keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Mitinqdə Avropanın müxtəlif ölkələrindən 800-dək soydaşımız və Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak edib”,- deyə məlumatda bildirilir.
Mitinqdə çıxış edən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəm və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış ediblər.
“Mitinq iştirakçıları 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, Ermənistan tərəfinin münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə riayət etməsi tələblərini səsləndiriblər”, - deyə məlunatda qeyd olunur.
Aksiyanın sonunda bəyanat qəbul edilib. Bəyanat Avropa Parlamentinin məsul şəxsləri, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri daxil olmaqla 2000-ə qədər ünvana çatdırılıb.
Azərbaycanın diaspor təşkilatları tərəfindən onlarla ölkədə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş aksiyalar keçirilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalı şəhərini zəbt edib. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.*
R.Babayev