Britaniyanın "Anglo Asian Mining" (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) şirkəti 2019-cu ildə Azərbaycanda fəaliyyətinin yekunları üzrə bir səhm üçün $0,06 məbləğində dividend ödəməyi planlaşdırır.
“Cari ildə şirkətin Azərbaycandakı fəaliyyətindən əldə olunacaq dividendin minimum məbləğinin bir səhm üçün $0,06 təşkil edəcəyi planlaşdırılır (2018-ci ildə bir səhm üçün final dividend $0,03 olub)”, - deyə məlumatda bildirilir.
2018-ci ildə fəaliyyətin yekunları üzrə final dividendlər "Anglo Asian Mining"in iyunun 20-də keçiriləcək illik ümumi yığıncaqda təsdiqləndikdən sonra iyul ayında ödəniləcək.
"Anglo Asian Mining" ötən ilin noyabr ayında Azərbaycanda fəaliyyəti ilə əlaqədar ilk dividendlərin ödənilməsinə $3,4 mln. yönəldib. Dividendlər funt sterlinqə konvertasiya olunub (bir sadə səhm üçün 2,2864 pens).
Daha əvvəl şirkətin baş direktoru Reza Vəziriyə istinadən məlumat verilmişdi ki, şirkət tərəfindən Azərbaycanda qiymətli metal istehsalının artması sayəsində AMM-nin maliyyə durumu daha da möhkəmlənib. Bunun nəticəsi olaraq şirkət 2018-ci ilin sentyabr ayının yekunları üzrə mənfəətə çıxıb.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.*
N.Abbasova