Azərbaycan prezidenti İlham Əliyev 2,2 mln. nəfəri əhatə edəcək sosial təkliflər paketinin reallaşdırılmasının anonsunu verib.
“Bu il minimal əmək haqqını mühüm dərəcədə, 38% - 180 manatadək artırırıq (2019-cu il martın 1-dən - İF). Bu böyük artımdır və 600 min nəfəri əhatə edəcək. Lakin bu rəqəmlər bizi qane edə bilməz. Bu səbəbdən, gələcəkdə minimal əmək haqqının artımına dair təkliflərin hazırlanmasına dair tapşırıq vermişəm. Əlbəttə ki, biz maliyyə yükünü qiymətləndirməliyik”, - İ.Əliyev bu gün iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.
Həmçinin, prezident qeyd edib ki, gələcəkdə pensiyaların artımı da planlaşdırılır. “Minimal pensiya barəsində çox ciddi qərar qəbul olunub. Martın 1-dən pensiyanın məbləği 116 manatdan 160 manatadək artır”, - İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, hazırda minimal pensiyanın səviyyəsi üzrə Azərbaycan MDB ölkələri arasında ikinci yerdədir. “Ancaq biz bilməliyik ki, bu son hədd deyil. Əlbəttə ki, əmək haqqları və pensiyaların artımı gündəlikdə duran əsas məsələlərdəndir. Minimal pensiyanın artımı 223 min nəfəri əhatə edəcək”, - dövlət başçısı bəyan edib.
O cümlədən, prezident məlumat verib ki, Azərbaycan sosial vəzifələrin reallaşdırılması üçün kifayət dərəcədə maliyyə ehtiyatlarına malikdir. Bundan əlavə, həyata keçirilən islahatlar dövlət büdcəsinə daxilolmaların artımını təmin edir. “2019-cu ilin yanvar ayında dövlət büdcəsinə vergilər və gömrük yığımları üzrə daxilolmalar planı ötüb. Xüsusilə, yanvarda Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə daxilolmalar üzrə plan 80 mln. manatı, Dövlət Gömrük Komitəsinin xətti ilə - 20 mln. manatı ötüb. Ümumlikdə, əlavə daxilolmalar 105 mln. manat təşkil edib”, - İ.Əliyev bildirib.
Dövlət başçısı əlavə edib ki, cari ilin yanvar ayında həmçinin Dövlət Neft Fondu gəlirlərini mühüm dərəcədə artırıb.
“Bu, həyata keçirilən islahatların nəticə verdiyini göstərir. Əlavə vəsait bizə onları əhalinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiənin möhkəmləndirilməsi, vətəndaşları narahat edən problemlərin həllinə yönəltməyə şərait yaradır. Bütövlükdə, sosial təkliflər paketi təqribən 2,2 mln. nəfəri əhatə edir”, - prezident vurğulayıb. **
B.Rüstəmbəyov