Energetika Nazirliyi və Norveçin “Equinor Abşeron AS” şirkəti bərpa olunan enerji mənbələrinin potensialını qiymətləndirəcək.
“Bu gün Energetika Nazirliyi və “Equinor Abşeron AS” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ikitərəfli əməkdaşlığın ümumi prinsipləri, bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bu sahəyə gəlirli investisiya qoyuluşu üçün şəraitin yaradılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur”, - deyə şirkət və nazirliyin birgə məlumatında bildirilir.
Bu sənəd Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi, tikintisi, istismarı və saxlanması istiqamətində fəaliyyəti təmin etməyə kömək edəcək.
Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və “Equinor Abşeron AS” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Quraishi imzalayıb.
S.Vəliyev bildirib ki, “Equinor” şirkəti ilə imzalanmış bu memorandum bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində tərəflər arasında atılan ilk addımdır.
F.Quraishi isə bərpa olunan enerji mənbələrinin inkişafı üzrə fəaliyyətin “Equinor” şirkətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. O bildirib ki, bu sənədlə şirkət Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və bərpa olunan enerji mənbələri sahəsində hər iki ölkənin maraqlarının reallaşmasına imkanlar yaranacaq.*
N.Abbasova