Azərbaycan XİN başçısı Elmar Məmmədyarov martın 4-də Buxarestdə keçiriləcək "Xəzər dənizi – Qara dəniz" beynəlxalq nəqliyyat marşrutu layihəsi üzrə xarici işlər nazirləri səviyyəsində görüşdə iştirak edəcək.
“2019-cu il 4 mart tarixində E.Məmmədyarov Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya XİN başçılarının Buxarestdə keçiriləcək görüşündə iştirak edəcək. Görüşdə bu nəqliyyat marşrurtu müzakirə olunacaq”, - XİN-in mətbuat katibi Leyla Abdullayeva “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, 1-2 mart tarixlərində E.Məmmədyarov Əbu-Dabidə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının.46-cı sessiyasında iştirak edəcək.
L.Abdullayeva əlavə edib ki, həmçinin mart ayında E.Məmmədyarov Tehrana səfər edəcək. O, burada iranlı həmkarı ilə danışıqlar aparacaq.
Yeni nəqliyyat marşrutunun yaradılmasının təşəbbüskarları Rumıniya və Türkmənistandır. Yeni nəqliyyat marşrutu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Lazurit dəhlizi (Lapis-Lazuli) bazasında yaradılır. **
F.İsazadə