Bakı və Ulan-Bator energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Monqolustanın energetika naziri Çerenpil Davasuren bu gün Bakıda energetika sahəsində əməkdaşlıq və neft-qaz sahəsində təcrübə mübadiləsinin perspektivlərini müzakirə ediblər.
“Ç.Davasuren bildirib ki, Monqolustanda neft-qaz sektoru hazırda inkişaf mərhələsindədir və bu sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Monqolustan, neft-qaz ölkəsi kimi Azərbaycanın zəngin təcrübəsindən yararlanmaqda və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin təhsil almasında maraqlıdır”, - deyə məlumatda bildirilir.
P.Şahbazov qeyd edib ki, Azərbaycan öz təcrübəsini bölüşməyə, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır. Nazir gələcəkdə “Monqolustanın Energetika Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun izalanmasının ikitərəfli əlaqələrin genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
P.Şahbazov, həmçinin Monqolustan tələbələrinin Azərbaycanın müvafiq ali məktəbində təhsil almaları üçün lazımi dəstəyin veriləcəyini diqqətə çatdırılıb.
“Görüşdə hər iki ölkədə energetika sektorunun cari vəziyyəti, qarşıda duran hədəflər və qeyri-neft sektorunda əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova