Politoloq Fuad Axundov hesab edir ki, 1992-ci il fevralın 26-da ermənilərin Xocalı şəhərində törətdikləri soyqırım Xatın, Liditsa və Oradurda dinc əhalinin məhv edilməsi ilə eyni sırada durur.
“1992-ci il fevralın 26-da Xocalı şəhərinin məhv edilməsi Azərbaycana qarşı erməni təcavüzünün ən faciəli səhifələrindən biri olmaqla Xatın, Liditsa və Oradur soyqırımları ilə eyni sırada durur. Xocalıda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 dinc sakin qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 27 ailədən yalnız 1 nəfər sağ qala bilib”, - deyə F.Axundov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, çoxdandır dünyada “ikinci dərəcəli ziyan” termini mövcuddur. "Hərbçilər dinc əhalinin təsadüfən ölümünü belə adlandırırlar. Lakin Xocalıda dinc sakinlərə tamamilə şüurlu şəkildə divan tutulmuşdu”, - deyə o qeyd edib.
F.Axundov vurğulayıb ki, bir zamanlar Ermənistanın gələcək prezidenti Serj Sarqsyan bəyan etmişdi: «Xocalıyadək azərbaycanlılar düşünürdü ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, erməniər mülki əhaliyə əl qaldırmağa qadir deyil. Biz bunu (stereotipi) qıra bildik”.
"Burada Hitlerin cəza dəstələri üçün nəsihətləri xatırlamamaq olmaz: ""Sənin ürəyin və əsəblərin yoxdur, müharibədə onlar lazım deyil” — nəsihətlərdən birində belə deyilirdi. — Daxilindəki mərhəmət və rəhm hissini məhv et — hər bir rusu öldür, dayanma, əgər qarşındakı qoca və ya qadın, qız və ya oğlandırsa — öldür”, - deyə F.Axundov bildirib.
Politoloq vurğulayıb ki, daha sonra digər erməni xadim - Ermənistanın ikinci prezidenti Robert Köçəryan müsahibələrindən birində bəyan edəcək ki, guya, ermənilər və azərbaycanlılar arasında "genetik uyğunsuzluq" mövcuddur. "Belə bəyanatla o, Milli Sosialist Alman Fəhlə Partiyasının proqramının" daha bir bəndinə istinad edib: "Yalnız alman millətinə mənsub olan, damarlarından alman qanı axan şəxs dini mənsubiyyətindən asılı olmayaraq Almaniya vətəndaşı ola bilər. Beləliklə, heç bir yəhudi alman millətinə aid edilə, eləcə də Almaniya vətəndaşı ola bilməz".
"Hitlerçilərin yəhudilərin genetik natamamlığı barədə tez-tez işlətdikləri postulat var idi. Onların erməni davamçılarında yəhudilərin yerini "türklər" və "azərbaycanlılar" tutublar”, - deyə politoloq hesab edir.
"Əlbəttə, cənab Köçəryandan soruşmaq maraqlı olardı ki, o, bu gün Azərbaycanda yaşayan 30 min ermənini, Türkiyədəki yüz minlərlə etnik ermənini də "genetik cəhətdən natamam" elan edib? Bəs onda məsələn, Gürcüstanda yaşayan və məktəblərdə bir parta arxasında oturan etnik ermənilər və azərbaycanlılarla necə olsun? Və yaxud İranda? O, hələ birgə ailələrin olması barədə də eşidibmi? Hitler və Köçəryanın "irqi nəzəriyyə"sinə əsasən belə çıxır ki, bu cür birgə nikahlardan dünyaya gələn uşaqların ümumiyyətlə yaşamaq hüququ yoxdur?", - deyə F.Axundov son olaraq bildirib.*
A.Əzizov