Rusiya Federasiyası Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Dmitri Savelyev Xocalı faciəsinin Rusiyada tanınması istiqamətində daha fəal şəkildə işləməyə çağırıb.
"Xocalı faciəsi, şübhəsiz ki, dəhşətli cinayətdir. Qadınlar, uşaqlar, qocalar həlak olub. Uşaqlar həlak olub, deməli, onların uşaqları, uşaqlarının uşaqları da həlak olublar. Bu o deməkdir ki, Azərbaycanın gələcəyinin kiçik bir hissəsi məhv edilib", - deyə o, bu gün Bakıda Rusiya parlamentinin üzvləri və ictimai xadimlərin mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu faciə bu gün bütün dünyada siyasi-hüquqi qiymətin verildiyi qorxunc cinayətdir.
"Rusiyada bunun üzərində fəal şəkildə işləmək lazımdır. Bu dəhşətli qətliam Azərbaycan xalqının soyqırımı kimi tanınmalıdır. Şəkillərə baxanda qeyri-ixtiyari gözlər yaşarır. Və biz hamımız bunu şəxsi faciəmiz kimi qəbul edirik. Hamı bu cinayətin Azərbaycan xalqının soyqırımı kimi tanınması üzərində işləməlidir", - deyə D.Savelyev vurğulayıb.*
R.Babayev