Azərbaycan 2019-cu ilin sonuna qədər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edəcək. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Azərbaycan bu ilin sonunda dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edəcəkdir. Ölkəm sosial təhlükəsizlik sistemini daha da inkişaf etdirdiyindən, bu hesabat fiziki qabiliyyəti məhdud olan insanlar da daxil olmaqla bütün həssas qrupların hüquqlarına xüsusi əhəmiyyəti əks etdirəcək”, - E.Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 40-cı sessiyasında çıxışında bildirib.
Nazir qeyd edib ki, bu kontekstdə Bakı BMT Baş katibinin BMT-nin işinin bütün istiqamətlərinə Əlilliyin Daxil edilməsi üzrə Sistem boyu Fəaliyyət Planının təşviq edilməsi qərarını alqışlayır.
“Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan iqtisadi, mülki, mədəni, siyasi, sosial hüquqlar və inkişaf hüququ da daxil olmaqla bütün insan hüquqlarını əhatə edən dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiqdir”, - E.Məmmədyarov vurğulayıb.
Azərbaycan 2017-ci ilin iyul ayında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı birinci könüllü milli hesabatını təqdim edib.
2015-ci il 25 sentyabr tarixli BMT-nin Bəyannaməsinə əsasən 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə 17 məqsəd və 106 vəzifə müəyyən olunub. Bu proqramın reallaşdırılması məqsədilə Azərbaycan prezidentinin fərmanına əsasən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. **
F.İsazadə