Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” İOSA (IATA Operational Safety Audit) standartına uyğunluq sertifikatının müddətini 2021-ci ilin yanvar ayınadək uzadıb. Bu barədə şirkətdən məlumat verilib.
“Silk Way West Airlines” növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) İOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu uğurla keçib və müvafiq sertifikatı daha iki il müddətinə - 2021-ci ilin yanvar ayınadək uzadıb”, - məlumatda deyilir.
Audit hava daşımaları, mühəndislik və texniki xidmət, aviasiya xidmətləri, yerüstü xidmət və yük emalı, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi, personalın idarə olunması və keyfiyyətin təminatı şöbələrində, həmçinin uçuşları idarəetmə mərkəzində keçirilib.
“Silk Way West Airline” aviaşirkəti artıq üçüncü dəfədir ki, İOSA sertifikatını alır. Aviaşirkət “Azərbaycan Hava Yolları”ndan (AZAL) sonra ölkədə İOSA sertifikatına malik ikinci aviaşirkətdir.
İOSA (İATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz mütləq standart və tövsiyyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur.
“Silk Way West Airlines” aviaşirkəti 19 iyun 2012-ci ildə fəaliyyətə başlayıb. “Silk Way West Airlines” doqquz “Boeing B747” təyyarəsi ilə uçuşlar yerinə yetirir. **
N.Abbasova