“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” Səhmdar Cəmiyyəti ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə işçi qrupu yaradacaq. Bu barədə ASCO-dan məlumat verilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev və “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti”nin sədri Sauat Mınbayev bu gün Bakıda Xəzər dənizi üzərindən yükdaşıma və logistika məsələlərini müzakirə ediblər.
“Tərəflər Xəzər dənizi və Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun perspektivlərini müzakirə ediblər. Donanmalarının daim yenilənməsinə diqqət çəkən R.Vəliyev bildirib ki, ASCO Xəzər dənizi üzərindən artan yük həcminin qarşılanması üçün bu strategiyanı bundan sonra da davam etdirəcək”, - məlumatda deyilir.
S.Mınbayev öz növbəsində ASCO ilə QDY arasında əməkdaşlığın möhkəmlənməsində maraqlı olduğunu bildirib.
“Tərəflər yükdaşıma, logistika və ikitərəfli əməkdaşlığın işçi qrupu formatında davam etdirilməsinə razılıqlarını ifadə ediblər”, - məlumatda qeyd olunur. **
N.Abbasova