Gəncə Ağır Cinayətlər Məhkəməsi çərşənbə günü ağır cinayətlər, həmçinin, terrorçuluq və diversiya törətməkdə ittiham olunan Ermənistan vətəndaşı Karen Kazaryanı 20 il azadlıqdan məhrum edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
K.Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinib.
İstintaq materiallarında qeyd olunur ki, K.Kazaryan Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu ilə terror aktlarının törədilməsi məqsədilə qanunsuz olaraq Azərbaycan ərazisinə keçib. Diversantlar cəbhə xəttindən keçərək özləri ilə gətirdikləri odlu silahı, döyüş sursatlarını, partlayıcı maddələri və partladıcı qurğuları Azərbaycanın Qazax rayonu ərazisində gizlədiblər.
2018-ci il 15 iyul tarixində K.Kazaryan Qazax rayonunun Kəmərli kəndi yaxınlığında Azərbaycan hərbi qulluqçuları tərəfindən saxlanılıb. **
R.Babayev