Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv və nəticəyə yönəlik danışıqların tərəfdarıdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
E.Məmmədyarov Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.
“E.Məmmədyarov xüsusilə qeyd edib ki, mövcud status-kvo qəbuledilməzdir və Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş ərazilərdən çıxarılmalıdır”, - XİN-in məlumatında deyilir.
Eyni zamanda nazir Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Yaxın Şərqdən erməni mənşəli qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni olaraq köçürülməsi siyasətinə diqqət yetirərək işğalçı ölkənin bu əməllərinə BMT-nin biganə qalmamasının vacibliyini ön plana çəkib.
O, həmçinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən işlərin davam etdirildiyini bildirərək, məcburi köçkünlərin probleminin dayanıqlı həllinin işğal amilini aradan qaldıraraq onların doğma yurdlarına qayıdışının təmin edilməsindən ibarət olduğunu vurğulayıb.
E.Məmmədyarov F.Qrandini Qoşulmama Hərəkatının üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçiriləcək XVIII Zirvə Toplantısına dəvət edib.
Öz növbəsində, F.Qrandi Azərbaycan tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının büdcəsinə ayrılmış maliyyə inanəsinə görə təşəkkürünü bildirib. O, Azərbaycanla mövcud əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək, gələcəkdə bu əməkdaşlığın daha genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.
Görüşdə əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb. **
B.Rüstəmbəyov