Azərbaycan və İranın gömrük orqanlarının nümayəndə heyətləri Azərbaycanın Astara şəhərində keçirilən görüşdə iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılması məsələsini müzakirə ediblər. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Azərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyası ilə tənzimlənən prosedurlar çərçivəsində iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan "e-TIR Pilot" layihəsini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Tərəflər "e-TIR Pilot" layihəsi üzrə müvafiq qanunverici çərçivənin, pilot layihədə iştirak edəcək gömrük orqanları və daşıyıcıların, eləcə də ilk pilot daşımaların başlanması üçün vaxt çərçivələrinin müəyyən edilməsi, texniki imkanların yaradılması, elektron sistemdən istifadə üzrə gömrük əməkdaşlarının hazırlığının təmin edilməsi üçün təlimlərin keçirilməsi məsələlərini də müzakirə ediblər.
“Bundan başqa, iki ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində beynəlxalq avtomobil daşımalarına gömrük nəzarətinin elektron platformalar üzərindən kompüterləşdirilməsi imkanlarının genişləndirilməsi, eləcə də müasir elektron metodların tətbiqi ilə beynəlxalq daşımaların gömrük tənzimlənməsi məsələlərinə baxılıb, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ikitərəfli icra planının hazırlanması nəzərdən keçirilib”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan Respublikası 2018-ci ilin oktyabrında, İran İslam Respublikası isə 2019-cu ilin yanvarında BYD prosedurlarının elektronlaşdırılmasını nəzərdə tutan əsas prinsipləri imzalayıb.*
Ə.Məmmədov