Səhiyyə naziri Oqtay Şirəliyev mart-aprel aylarında ölkədə qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb. Bu barədə nazirlikdən məlumat verilib.
“2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb”, - məlumatda deyilir.
Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.
“Ambulator-poliklinik müəssisələrdə briqadaların təşkili, peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şərait yaradılmalıdır”, - nazirin əmrində qeyd olunur.
Eyni zamanda yerli tibb müəssisələrinə metodiki köməklik göstəriləcək, bölgüyə əsasən qızılca məxmərək vaksininin yerlərə çatdırılması təmin ediləcək. **
R.Babayev