Azərbaycan hökuməti 20150-ci ilodə milli valyutanın devalvasiyasından sonra ölkə vətəndaşlarının problemli kreditlərinin həllinə 700 mln. manatdan artıq vəsait yönəltməyi planlaşdırır.
Prezident İlham Əliyev bu gün fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
“Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər 800-dən artıq şəxsi əhatə edəcək. Bu məqsədlərə 700 mln. manatdan artıq vəsdaitin yönəldilməsi nəzərdə tutulur”, - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu gün brifinqdə bildirib.
Xəbər verildiyi kimi, fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada və ya 17 min manatadək əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi fevralın 28-nə olan məzənnəyə (1,7 manat/$1) uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç ay müddətində manatla ödəniləcək. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları); 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları). Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur.
Fərmana əsasən Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 mln. manat ayrılacaq.
Bundan başqa, AMB nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 mln. ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5% olmaqla qiymətli kağızların verilməsini təmin etməlidir.
Maliyyə Bazarlarına Nəzarət Palatasına fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində təsdiq etmək, ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini 45 gün müddətində müəyyən etmək və bu barədə Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat vermək tapşırılıb.
Fərmana əsasən banklara tövsiyə edilir ki, vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
Xəbər verildiyi kimi, 2015-ci ildə AMB manatın iki mərhələdə devalvasiyasını həyata keçirib – fevralın 21-də milli valyutanın dollara nisbətən məzənnəsi 25%, dekabrın 21-də isə daha 32% ucuzlaşıb. **
Ə.Məmmədov