Cəlilabad rayonunda marketlərin birində əməkdaşlar arasında kimyəvi maddələrlə kütləvi zəhərlənmə hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.
“Fevralın 28-də təqribən axşam 17:00 radələrində 15 nəfər zəhərlənmə əlamətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan 3 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilib”, - P.Əbubəkirov bildirib.
Onun sözlərinə görə, cümə axşamı təcili tibbi yardım göstərildikdən sonra 12 nəfər evə buraxılıb.
“Qalan 3 nəfər bu gün səhər evə buraxılıb. İlkin versiyaya əsasən, yuyucu vasitələrdə istifadə olunan kimyəvi maddələr zəhrələnməyə səbəb olub. Həmin şəxslər eyni marketdə çalışırlar”, - P.Əbubəkirov qeyd edib. **
R.Babayev