Martın 4-də Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçiriləcək. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.
“Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil və s. məsələlər daxil edilib”, - nazirlikdən qeyd olunub.
O cümlədən, tərəflər təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsini planlaşdırır.
Komissiya çərçivəsində iki ölkənin biznes dairələrinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq.
Müştərək Komissiyanın həmsədrləri Azərbaycanın maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərdir.
Qeyd edək ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası 2015-ci ilin dekabr ayında Ər-Riyadda keçirilib. **
B.Rüstəmbəyov